İQTİSADİYYAT
Gələn ildən SOCAR istiqrazlarının manatla satışa buraxılması nəzərdə tutulur
Bakı, 23 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Gələn ildən SOCAR istiqrazlarının ABŞ dollarına bağlı manatla satışa buraxılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“Hazırda SOCAR istiqrazlarına maraq böyükdür. Əgər tələbat çox və ilk istiqrazların emissiyası uğurlu olarsa bu ilin sonunda dollarla yeni istiqrazlar satışa çıxarıla bilər. Lakin həmin istiqrazların illik gəlirliliyi bir qədər aşağı olacaq. Gələn ildən isə SOCAR istiqrazlarının ABŞ dollarına bağlı manatla buraxılması planlaşdırılır. Belə ki, istiqraz almaq istəyənlər həmin günün məzənnəsi ilə istiqrazı əldə edə biləcək. Bu istiqrazlara ödənilən vəsaiti istənilən vaxt dollarla geri almaq mümkün olacaq. Bu da Azərbaycan manatının möhkəmlənməsinə, maliyyə bazarının inkişafına imkan yaradacaq”, - deyə R.Abdullayev əlavə edib.
Qeyd edək ki, SOCAR istiqrazları sentyabrın 20-dən satışa çıxarılıb. Bir istiqrazın dəyəri 1000 (min) ABŞ dollarıdır. İstiqrazlar 5 il müddətlidir və illik 5 faiz gəlir gətirəcək. Ümumilikdə 100 min ədəd istiqraz buraxılıb. İstiqrazların ümumi dəyəri 100 milyon ABŞ dollarıdır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq. İstiqrazları 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən, banklardan (“Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Rabitəbank”dan, “Xalq Bank”dan), investisiya şirkətlərindən (“AzFinance Invest”, “İnvestAz”, “Paşa Kapital, PSG – Kapital”) əldə etmək olar. SOCAR istiqrazlarının satışı 10 oktyabradək davam edəcək.