İQTİSADİYYAT


Gələn ilin büdcə-vergi siyasətinin istiqamətləri və vəzifələri daha konstruktiv, praqmatik yanaşma ilə tərtib edilib

A+ A

Bakı, 30 noyabr, Ə.Məmmədov, E.Camalov, AZƏRTAC 

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanunun layihəsi “Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsinə uyğun hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu fikri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında səsləndirib.

Qeyd edilib ki, Hesablama Palatası tərəfindən 2017-ci il üçün dövlət büdcəsinin layihəsinə rəy hazırlanıb. Təqdim edilən rəydə növbəti il üçün dünya iqtisadiyyatındakı əsas meyillər, ölkəmizdə formalaşan makromühit, 2017-ci il üçün proqnozlaşdırılmış əsas makrogöstəricilərin, dövlət büdcəsinin gəlir və xərclərinin büdcə-vergi siyasətinin əsas istiqamətlərinə və bu göstəricilərə adekvatlılığı qiymətləndirilib, toplu maliyyə balansına münasibət bildirilib, dövlət büdcəsinin bütün parametrləri ətraflı təhlil edilib və qanun layihəsinin qüvvədə olan qanunvericiliyə uyğunluğu araşdırılıb.

“2017-ci il dövlət büdcəsi haqqında qanunun layihəsi “Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsinə uyğun hazırlanıb. Builki zərfə daxil olan 2017-ci il üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri və vəzifələri daha konstruktiv və praqmatik yanaşma ilə tərtib edilib. Büdcə-vergi siyasətinin əsas prinsipləri müasir dövrün çağırışlarına uyğun müəyyən edilib, eləcə də növbəti ildə büdcəni gözləyə biləcək risklər təhlil olunub, baş verə biləcək təhdidlərə qarşı fəaliyyət və tədbirlərin konturları cızılıb. Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən 2017-ci ildə gözlənilən gəlirlər 2016-cı ilin gözlənilən gəlirləri ilə bağlı 5,2 faiz azalma ilə proqnozlaşdırılıb. Ümumilikdə qanunda 14 daxilolma ilə artım, 3 daxilolma ilə azalma proqnozlaşdırılıb, 3 daxilolma ilə isə daxilolmanın məbləği sabit saxlanılıb. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlər 7,2 milyard manat proqnozlaşdırılır. Vergi ödəyicilərinin 2016-cı il sentyabrın 1-nə borcları və artıq ödəmələrin məbləği növbəti il üçün proqnozlaşdırılan məbləğin müvafiq olaraq 23,1 və 27,2 faizinə bərabərdir”, - deyə Hesablama Palatasının sədri qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.