REGİONLAR
Gəlin, gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək
Bakı, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 23-də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşmış laçınlı məcburi köçkün gənclər üçün "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyinin təşkilatçılığı və Laçın Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Gəlin, gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək!” layihəsi çərçivəsində təlim kursları keçirilib.
Laçın Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin əməkdaşlarının, 37 nömrəli məcburi köçkün, Taxtakörpü və Düşərgə qəsəbə tam orta məktəblərinin müəllim və şagird kollektivlərinin iştirak etdikləri təlim məşğələsində narkomaniyanın dəhşətli fəsadlarından söhbət açılıb, yetişməkdə olan nəsli bu sosial bəladan qorumağın yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Bildirilib ki, indiyədək layihə çərçivəsində məcburi köçkün gənclərin maariflənməsi məqsədilə təlimlər keçirilib, narkomaniyaya aid videoçarx və buklet hazırlanıb.
Layihə çərçivəsində növbəti təlimlər Ağcabədi, Ağdam və Cəbrayıl rayonlarında keçiriləcəkdir.