CƏMİYYƏT


Gəmiçilik “Günəşli” yatağındakı yanğının söndürülməsində xüsusi rol oynayıb

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 19-cu stasionar dərin dəniz özülündə 71 saylı quyuda təmir işləri aparılarkən baş verən qaz təzahürü barədə məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə daimi əlaqə saxlayaraq, tələb olunan bütün gəmilər hadisə yerinə mobilizasiya olunub və dənizdə aparılan əməliyyatların koordinasiyası təmin edilib. Hadisə yerində gəmiçiliyin “Nefteqaz-64” və “Nefteqaz-10” gəmilərində qərargah yaradılıb və hadisə yerinə cəlb olunan gəmilərin işi koordinasiya olunub, əməliyyata cəlb olunan gəmilərin fəaliyyəti vahid mərkəzdən idarə edilib.

Qəzanın aradan qaldırılmasında və saat 18:00-dan sonra başlamış yanğının söndürülməsinə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (AXDG) məxsus “Nefteqaz-10” və “Nefteqaz-64”, AXDG-yə məxsus, FHN tərəfindən idarə olunan “Vixr-5” və “Vixr-7” gəmiləri ilə bərabər, BP Azərbaycan şirkətinin rəhbərliyinin razılığı və köməkliyi ilə həmin şirkətə xidmət göstərən gəmilər də cəlb edilib. Belə ki, Xəzərdə ən böyük yedək-təchizat gəmisi olan gəmiçiliyin “Lənkəran” gəmisi, AXDG - BUE Caspian Alyansının həmin şirkətə xidmət göstərən “Topaz Dignity”, “Caspian Protektor”, “Caspian Voyager” gəmiləri və onların heyətləri qəzanın aradan qaldırılmasında xüsusi rol oynayıb.

Səhər saatlarında alov söndürüldükdən sonra özüldə təmir-bərpa işləri başlayıb. Hazırda gəmiçiliyin “G.Şıxlinski” və “Şirvan-2” kran gəmiləri, “Nefteqaz-64”, “Aura”, “Om” təchizat-yedək gəmiləri, AXDG-yə məxsus, FHN tərəfindən idarə olunan “Vixr-5” və AXDG - BUE Caspian Alyansının “Caspian Server” gəmiləri qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar aparılan işlərə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.