İQTİSADİYYAT
Gəmiçilik “Şahdəniz Mərhələ 2” layihəsinin icrası ilə bağlı “Saipem” şirkətinin sifarişini tamamlayıb
Bakı, 5 iyul, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Şahdəniz Mərhələ 2” layihəsinin icrası ilə bağlı “Saipem” şirkətinin sifarişinə uyğun olaraq Bakı Dərin Özüllər Zavoduna gələn və “ATA yard”ın ( Amec-Tekfen-Azfen) ərazisindəki kanalların dərinləşdirilməsi işini uğurla başa çatdırıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin birinci mərhələsində Bakı Dərin Özüllər Zavodundan platformanın ayaqları çıxarılıb. Bu məqsədlə uzunluğu 349 metr, eni 95 metr olan ərazi qazılaraq dərinləşdirilib. Burdan çıxarılan süxurun həcmi 23,300 kubmetr olub.
İkinci mərhələdə “SDB-QU” qurğu dayağı Bakı Dərin Özüllər Zavodu ərazisindən çıxarılıb, “SDB-PR” (istehsalat modulu) və “SDB-QU” (yaşayış modulu) modullarının konstruksiya olunduğu “ATA yard”ın ( Amec-Tekfen-Azfen) ərazisindən çıxarılması işlərinə başlanılıb. Bunun üçün əvvəlcə kanallar qazılıb və platforma AXDG-nin “STB1” barjına yüklənərək təyinat yerinə aparılacaq. “ATA yard” akvatoriyasından indiyədək 284,555 kubmetr həcmində süxur çıxarılıb.
Dibdərinləşdirmə layihəsinin icrasına bir torpaq qazan (“Mühəndis Balarza Məmmədov”), bir lövbər atan (“Abşeronskaya-6”), üç torpaqdaşıyan (“Bakinskaya 3”, “Bakinskaya 5”, “Bakinskaya 6”) və bir sərnişin (“İlham Allahverdiyev”) gəmisi olmaqla, ümumilikdə altı gəmi cəlb olunub. Bunlardan “Bakinskaya 6” gəmisi sonradan “AXDG” QSC rəhbərliyinin tapşırığı ilə layihənin icrasını sürətləndirmək məqsədilə alınıb.
Eyni zamanda, işlərin düzgün həyata keçirilməsi, dərinliyin dəqiq təyin olunması, iş həcminin müəyyənləşdirilməsi üçün prosesə “Orion 12” tipli gəmi də cəlb olunub. Həmin gəminin üzərində müasir dibölçmə avadanlığı quraşdırılıb.
Qeyd olunan gəmilərin Bakı Dərin Özüllər Zavodunun akvatoriyasında kanala mobilizasiyası 2016-cı ilin dekabrında tamamlanıb və dibdərinləşdirmə işlərinə başlanılıb. Həmin işlər 2017-ci ilin yanvarında yekunlaşdırılıb və gəmilər növbəti əraziyə mobilizasiya olunub. “ATA yard”ın akvatoriyasında dibdərinləşdirmə işləri 2017-ci ilin yanvarında başlayıb və işlər iyun ayında sona çatıb.
Ən əsası 130-dan çox (120-si dənizçi olmaqla) canlı qüvvənin cəlb olunduğu iş xəsarətsiz başa çatdırılıb. Hər hansı kiçik də olsa xoşagəlməz hal baş verməyib.
İş icraçılarının sözlərinə görə, layihəyə hazırlıq elə də asan olmayıb. İcraya başlamazdan əvvəl 12 adda (40 vərəqdən ibarət) prosedur tərtib edilib və müştəri tərəfindən təsdiqlənib. Həmin prosedurlara SƏTƏM, SƏTƏM üzrə interfeys, qəza hallarına cavab tədbirləri, layihə planı, layihəyə hazırlıq və mobilizasiya, dibdərinləşdirmə və süxurların basdırılması, dəniz dibi dərinlik ölçmə, açıq dənizdə lövbər əməliyyatları, körpü yaxınlığında lövbər əməliyyatları, sahil dirəklərinə bərkitmə üçün Metodologiya, keyfiyyət planı, keyfiyyətə nəzarət prosedura daxildir.
Xatırladaq ki, layihə ölkəyə xarici valyuta gətirmək baxımından olduqca əhəmiyyətlidir. Digər tərəfdən bu əməkdaşlıq təcrübə qazanmaq üçün də vacib sayılır.
Qeyd edək ki, “Şahdəniz Mərhələ 2” və ya Yatağın tammiqyaslı işlənməsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng layihədir. Bu layihə yeni “Cənub Qaz Dəhlizi” ilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Layihə nəticəsində “Şahdəniz Mərhələ 1”dən hazırda hasil olunan illik 9 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir.