İQTİSADİYYAT
Gəmiçilikdə ətraf mühitin mühafizəsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
Bakı, 5 iyun, AZƏRTAC
Gəmiçilikdə ətraf mühitin mühafizəsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Departamentinin (KSƏTƏMMD) məqsədi, ümumilikdə, dənizdə təhlükəsiz iş təcrübələrindən bəhrələnərək, heyətin sağlamlığını, ətraf mühitin mühafizəsini təmin etməkdir. Eyni zamanda, sahildə və dənizdə çalışan işçilərin təcrübə, səriştə və bacarıqlarını daim inkişaf etdirməklə İSO 9001/14001/50001 və OHSAS 18001 beynəlxalq menecment standartlarının (BMS) tələblərinə cavab verən “AXDG” QSC-nin “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”nin (TKİS) əsasən dəniz, habelə bəzi sahil obyektlərində yüksək səviyyədə tətbiqinə və işləməsinə nail olmaqdır.
Cəmiyyətdə bu istiqamətdə işlərin yerinə yetirilməsində əsas icraçı qurum sayılan Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Departamentinin (KSƏTƏMMD) prioritet saydığı istiqamətlərdən biri də gəmilərdə formalaşıb yaranan, habelə daşınan müxtəlif aqreqat hallı, o cümlədən maye çirkləndiricilərin idarə olunmasını təmin etməklə, onların dənizə atılmasının qarşısını almaq və ya atqıların həcmini minimuma endirməkdir.
Hazırda gəmilərdə maye tullantılarının xüsusi çənlərdə toplanması, saxlanması, təhvil verilməsi, bununla bağlı plomblama işinin icrası, habelə həmin əməliyyatların sənədləşdirilməsi və qeydiyyatı kimi müxtəlif tədbirlər həyata keçirilir.
Həmin tədbirlərin hər biri önəmli səciyyə daşısa da, müxtəlif maye çirkləndiricilərin atqı nöqtələrinin plomblanmalarının icra keyfiyyətinin müasir reallıq və imkanlar nəzərə alınmaqla yüksəldilməsi KSƏTƏMMD-nin həll etməyə çalışdığı əsas məsələlərdən biridir. Bu məqsədlə yeni prosedur qaydaları hazırlanıb.
“AXDG” QSC-nin hazırkı prosedur və qaydaları işləyib tərtib etməkdə əsas məqsədi cəmiyyətin gəmilərindəki maye çirkləndiricilərin atqı nöqtələrinin plomblanması, sənədləşdirilməsi, qeydiyyatı və nəzarət əməliyyatlarını təkmilləşdirmək və müasirləşdirməklə dənizin gəmilərdən maye tullantılarla çirklənməsi imkanlarının minimuma endirilməsinə nail olmaqdır.
KSƏTƏMMD tərəfindən cəmiyyətin TKİS-nin tərkib hissəsi olan “Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi. Təhlükəsiz iş təcrübələri” çərçivəsində “Maye çirkləndiricilərin gəmilərdən dənizə axıdılmasına yol verməmək üçün müvafiq atqı nöqtələrində plomblanma, plombqırma və nəzarət Qaydaları” (Plombqırma/Plomblama Qaydaları) tərtib olunub və təsdiq edilib.
Hazırda cəmiyyətin gəmilərində yeni “Plombqırma/Plomblama Qaydaları”nın tətbiqinə hazırlıq işləri gedir. Bunlardan da ən önəmlisi, ilk növbədə, donanmaların rəhbərlikləri, növbəti mərhələdə isə XDND və DND gəmilərinin rəhbər heyət üzvləri ilə aidiyyəti təlimlərin keçirilməsidir. Elə bu məqsədlə cəmiyyətin KSƏTƏMM xidməti bu yönümdə işlərə başlayıb. Belə ki, Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının rəhbərlərinin və aidiyyəti məsul işçilərinin iştirakı ilə “Plombqırma/Plomblama Qaydaları” mövzusunda məlumatlandırma təlimləri keçirilib.
Donanmaların əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbələrinin (ƏMTTEŞ) tərtib etdikləri “Plan-qrafik”lər əsasında XDND və DND gəmilərinin rəhbər heyətlətinin üzvləri ilə mərhələlər üzrə “Plombqırma/Plomblama Qaydaları” təlimlərinin keçirilməsinə də başlanılıb.
Müvafiq yönümlü digər təlim isə Dəniz Nəqliyyat Donanmasının gəmilərinin sahildə olan rəhbər heyət üzvləri ilə keçirilib. Təlimdə 60 nəfərdən artıq dənizçi iştirak edib.
Toplantıda təlim iştirakçılarının bütün sualları ətraflı cavablandırılıb. Müvafiq məqsədli təlimlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.