İQTİSADİYYAT
Gəmiçiliyin əməkdaşları təlimlərə cəlb olunub
Bakı, 12 dekabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Xəzər Dəniz Neft Donanmasının kran gəmilərində müvafiq işləri görən bir qrup əməkdaşı üçün “ilməçi-siqnalçı”, “takalej avadanlıqları ilə iş” adlı təlim keçirilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlər zamanı kran gəmilərində yükqaldırmaya nəzarət, yüklərin bağlanması, qoşulması, takelaj avadanlıqları ilə iş əməliyyatları nəzəri və praktiki şəkildə izah olunur.
Ümumilikdə 40 nəfərə yaxın əməkdaşın iştirak edəcəyi təlimlər qrup şəklində təşkil edilib. Hər qrup üçün təlim müddəti 3-5 gündür.
Təlim “Safety Qualification Advisory Group” şirkətinin bu sahədə beynəlxalq sertifikatlara malik təlimçisi tərəfindən aparılır.
Xatırladaq ki, gəmiçiliyin Təhlükəsizliyin və Keyfiyyətin İdarəetmə Sisteminə əsasən kran gəmilərinin yük əməliyyatlarını yerinə yetirən müvafiq əməkdaşları “Yükqaldırma əməliyyatları və qaldırıcı qurğularla iş qaydaları” (LOLER 98), “İş avadanlıqlarının təchizatı və istifadəsi qaydaları” (PUWER 98), “İş yerində sağlamlıq və təhlükəsizliklə bağlı 1974-cü il Akt”ı (HASAWA 1974) kimi beynəlxalq tələblərə uyğun təlimləndirilməlidirlər.