İQTİSADİYYAT


Gəmilərin operativ təmir olunması üçün Bakı Limanında üzən emalatxana fəalıyyət göstərəcək

A+ A

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına (Bakı Limanı) gəmilərin operativ təmir olunması üçün üzən emalatxana göndərəcək.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda gəmiçiliyə məxsus üzən emalatxananın təmirinə başlanılıb.

Təmir başa çatdıqdan sonra üzən emalatxananın yedək gəmisi ilə Ələtə - yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılması gözlənilir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin vaxtında daşınması üçün fəaliyyətdə olan bərələrin Ələt limanında operativ təmirinə zərurət yaranıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara veriləndən sonra “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə daşınan yüklərin həcmində də artım proqnozlaşdırıldığından gəmiçiliyin rəhbərliyi üzən emalatxananın təmirinə qərar verib.

Üzən emalatxana Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq gəmilərə operativ xidmət göstərməyə imkan verəcək. Bununla da gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında həyata keçirilən cari təmir işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.

Müasir standartlara cavab verəcək üzən emalatxanada gəmilərin təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək. Burada işçi heyətin yaşayışı üçün bütün məqamlar nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət otağı ilə yanaşı, üzən qurğuda gəmiçiliyin internet və lazımi avadanlıqlarla təchiz edilən stasionar ofisi də fəaliyyət göstərəcək. Bu da gəmiçiliyin əməkdaşlarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında distant fəaliyyət göstərməsinə və işin səmərəliliyini daha da artırmağa imkan verəcək.

Gəmiçiliyin rəhbəri Rauf Vəliyev 24 saat növbəlilik qrafiki ilə icra edilən təmir prosesi ilə yaxından tanış olub. Bildirilib ki, təmir işləri plana uyğun aparılır. Təmirin yanvarın sonunda başa çatdırılacağı nəzərdə tutulub. Təmirlə bağlı tapşırıqlarını verən sədr daha sonra üzən qurğunun aparılacağı Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.

Hazırda emalatxananın yerləşəcəyi ərazidə gəmiçiliyin sifarişi ilə “Caspian Marine Services” şirkəti dibdərinləşdirmə işləri aparır. İşin gedişatı ilə maraqlanan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev limanın nümayəndələri ilə də görüşüb. Söhbət zamanı gələcəkdə həyata keçiriləcək müştərək layihələr haqqında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.