REGİONLAR
Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi məhsul istehsalını ildən-ilə artırır
Naxçıvan, 26 avqust, AZƏRTAC
Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi məhsul istehsalını ildən-ilə artırır. Sənaye Kompleksində cari ilin yeddi ayında travertin və mərmər plitələr, mozaika, karniz və bordür olmaqla, 7 min 197 ton daş məhsulları istehsal edilib.
AZƏRTAC xəbər verir ki, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılıb. Müəssisədə müasir texnoloji avadanlıqların quraşdırılması keyfiyyətli məhsul istehsalına imkan verir.
Qeyd edək ki, müəssisəyə xammal Kəngərli rayonunun ərazisindən gətirilir. Müəssisədə sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək məqsədilə mövcud imkanlardan səmərəli istifadə edilir. Blok şəklində istehsal sahəsinə daxil olan xammal ilkin olaraq müəyyən ölçülərdə kəsilərək cilalanır. Beş mərhələdə ayrı-ayrı dəzgahlardan keçdikdən sonra sifarişə uyğun formalara salınaraq dekorativ bordür, travertin döşəmə, çapçı daşlar, sütunlar və müxtəlif formalı fiqurlar istehsal edilir.
Bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında ilk yeri sənaye sahəsi tutur. Cari ildə də bu sahədə gözəçarpan nəticələrə nail olunub. Belə ki, ilin yeddi ayında sənaye üzrə 591 milyon 241 min 700 manat həcmində sənaye məhsulları istehsal edilib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 3,3 faiz çoxdur.