MƏDƏNİYYƏT
Gənc Azərbaycan rəssamının əsərləri Vyanada açılmış sərgidə nümayiş olunur VİDEO
Vyana, 24 iyun (AZƏRTAC). İyunun 23-də Vyanada MOYA Gənc İncəsənət Muzeyində “MOYA-ANNUALE 2014” sərgisi açılmışdır.
Dünyanın ondan artıq ölkəsindən 30-dək rəssamın əsərlərinin nümayiş olunduğu sərgidə Avstriyadakı diplomatik korpusun təmsilçiləri, müxtəlif ölkələrin mədəniyyət mərkəzlərinin əməkdaşları, incəsənət xadimləri, mətbuat nümayəndələri və sənətsevərlər iştirak etmişlər.
Muzeyin direktoru Kolya Kramer əsası 2005-ci ildə qoyulmuş MOYA Gənc İncəsənət Muzeyi haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu mədəniyyət ocağı Avstriyada XXI əsrdə gənclərin incəsənət sahəsindəki bütün uğurlarını dəstəkləyən və onların yaradıcı inkişafına təkan verən ilk muzeydir.
Vurğulanmışdır ki, hər il olduğu kimi, bu dəfə də “MOYA-ANNUALE 2014” sərgisinə müxtəlif ölkələri təmsil edən istedadlı gənclər qatılmışlar. MOYA müvafiq gənc istedadların bu sərgiyə cəlb olunması və təqdirəlayiq sənət əsərlərindən ibarət bir kolleksiyanın yaranması üçün müxtəlif ölkələrin səfirlik və mədəniyyət mərkəzləri ilə əlaqəli iş aparır.
Muzeyin rəhbəri sayca yeddinci dəfə təşkil olunan sərginin ilbəil coğrafiyasını genişləndirməkdə maraqlı olduğunu və builki sərgidə Azərbaycanın da iştirakını məmnunluqla ifadə etmişdir.
Tədbirdə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ölkəmizin belə bir mötəbər sərgidə təmsil olunmasına yaradılmış imkana görə muzey rəhbərliyinə minnətdarlığını çatdırmışdır.
L.Qasımova Azərbaycan Mədəniyyət Mərkəzinin gələcəkdə də MOYA və digər tərəfdaşlarla Azərbaycan mədəniyyətinin yaxından tanıdılması üçün əməkdaşlığa xüsusi önəm verəcəyini qeyd etmişdir.
Gənc Azərbaycan rəssamı Fərəc Rəhmanovun rəsm əsərlərinin nümayiş olunduğu sərgidə ifaçılarımız - Fərid Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirmişlər.
Sərgi iyulun 7-dək davam edəcəkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana