Gənc Azərbaycan rəssamlarının əsərləri Macarıstan paytaxtında
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də Budapeştdə gənc Azərbaycan rəssamlarının sərgisi başa çatıb. Beş günlük sərginin təşkilatçısı “Sönməz Məşəl” İctimai Birliyi olub.
Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı qrant hesabına təşkil edilib.
Ekspozisiya Dunay sahilindəki “Heliya” otelində, Budapeştin mərkəzi tarixi-mədəni rayonlarının birində baş tutub. Sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın 23 əsəri nümayiş olunub. Ölkəmizin məşhur şəxsiyyətlərin portretləri, qədim Azərbaycan memarlığının elementlərini əks etdirən qrafika əsərləri, Qarabağ atlarının və Bakıdakı neft buruqlarının rəsmləri Budapeşt sakinlərinin və qonaqların rəğbətini qazanıb.