CƏMİYYƏT
Gənc Liderlərin 5-ci Beynəlxalq Assambleyasında Azərbaycan həqiqətlərindən danışılacaq
“Prezident təqaüdçüsü” Gənclər Birliyi təşəbbüs qrupunun rəhbəri Təbriz Rauf oğlu oktyabrın 27–dən noyabrın 1-dək Tailand Krallığının paytaxtı Banqkokda Gənc Liderlərin 5-ci Beynəlxalq Assambleyasında iştirak edəcək.
Bu barədə AZƏRTAC-a məlumat verən Təbriz Rauf oğlu bildirib ki, Assambleyanın əsas panellərindən biri beynəlxalq sülhün təmin edilməsi və münaqişələrin həlli yollarının tapılması mövzusuna həsr olunacaq. Mən Assambleyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, problemin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dair məruzə ilə çıxış edəcəyəm.
“Gənc Liderlərin 5-ci Beynəlxalq Assambleyası BMT-nin UNESCAP, UNESCO təşkilatları tərəfindən dəstəklənən və bilavasitə həmin qurumların himayəsi ilə keçirilən mühüm tədbirdir”,-deyən Təbriz Rauf oğlu bildirib ki, 35 ölkədən 250-dən çox nümayəndənin qatılacağı Assambleyada Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bu tribunadan maksimum səmərəli istifadə etməyə çalışacağıq. Onu da deyim ki, Assambleyanın iştirakçıları ilə BMT-nin Banqkokdakı qərargahında və ABŞ-ın Tailanddakı səfirliyində görüşlər keçiriləcək.