MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı “Koroğlu” dastanının motivləri əsasında yeni tamaşa hazırlayır

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı hər zaman maraqlı və bir-birindən fərqli layihələrə imza ataraq tamaşaçıların görüşünə gəlir. Bu dəfə teatr türk dünyasının ortaq qəhrəmanı olan “Koroğlu” dastanının motivləri əsasında yeni və tam fərqli bir tamaşa hazırlayacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırımla teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov arasında razılıq əldə olunub. Bu ilin noyabrında Yunus Əmrə İnstitutu və teatrın təşkilatçılığı ilə “Eşqi Nigar” adlı səhnə əsərində təkcə tamaşa deyil, “Koroğlu” dastanını əhatə edən digər sənət nümunələri də təqdim olunacaq. Eposu əhatə edən foto, rəssamlıq və kitabların sərgisi qəhrəmanlıq dastanının gənc nəsil tərəfindən tanınmasına şərait yaradacaq. Layihənin reallaşmasında əsas məqsəd Azərbaycan-Türkiyə ortaq mədəni dəyərlərini öyrənmək, türk dünyasının tanınmış qəhrəmanı Koroğlunun haqq-ədalət, kimsəsizlərə əl tutmaq kimi nəcib hisslərini gənc nəsillərə bir daha təqdim etməkdir.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Yeni səhnə əsərində əsas obrazları teatrın aktyorları ifa edəcək. Tamaşanın Bakı premyerası noyabrın ortalarında, Türkiyə Cümhuriyyətinin Bolu şəhərindəki nümayişi isə dekabrda nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.