MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı həftəsonu maraqlı tamaşalar təqdim edəcək

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu maraqlı tamaşalar təqdim edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 24-də teatrın səhnəsində uşaqlar üçün Hans Kristian Andersenin “Çirkin ördək balası” və Karlo Qoldoninin “Mehmanxana sahibəsi” tamaşaları nümayiş olunacaq.

Görkəmli Danimarka yazıçısı H.K.Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, baletmeysteri isə Nailə Məmmədzadədir. Tamaşada əsas rolları Əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, Rasim Cəfərov, aktyorlar Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova və başqaları ifa edəcək.

Maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən italyan dramaturqu K.Qoldoninin “Mehmanxana sahibəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verib. Yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova və başqaları canlandıracaq.

Gənc Tamaşaçılar Teatrında sentyabrın 25-də Abdulla Şaiqin “Danışan gəlincik” və İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşaları nümayiş olunacaq.

Görkəmli yazıçı Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” balaca tamaşaçılar üçün nəzərdə tutulub. İkihissəli nağıl-tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadədir. Tamaşada Əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova və başqaları çıxış edəcək.

“Sarıköynəklə Valehin nağılı” tamaşasının quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır. Səhnə əsərində əsas rolları aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Xalq Artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova və başqaları ifa edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.