MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı mövsümə Astarada yekun vuracaq
Bakı, 1 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti artıq bir neçə gündür ki, respublikamızın bölgələrində qastrol səfərindədir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşası ötən gün Yardımlı və Lənkəranda uğurla nümayiş etdirilib. Rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanan tamaşa hazırda Lerik rayonunda nümayiş olunur. Həmçinin, sözü gedən tamaşanın bu gün Astarada da nümayişi nəzərdə tutulur. Bununla da teatr özünün 88-ci mövsümünə yekun vuracaq.
Bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdiriləcək tamaşada əsas rolları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa edəcəklər.