MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı mövsümün son festivalına yola düşür
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 27-dən iyulun 3-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu yaradıcı heyətin 89-cu teatr mövsümündə son beynəlxalq festivalıdır. Sözügedən beynəlxalq festivalda ölkəmiz Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq.
Tamaşada Azərbaycan və Kalmıkıya respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.
Festival Belarusun Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Builki festival Bobruysk şəhərinin 630 illiyi və 2017-ci ilin “Mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunur.
26 ölkənin teatr kollektivinin iştirak edəcəyi festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.