MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümünü “Sarıköynəklə Valehin nağılı” tamaşası ilə açıb
AZƏRTAC xəbər verir ki, teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov yaradıcı heyəti yeni mövsümün açılışı münasibətilə təbrik edib. Bildirib ki, teatr 87 illik fəaliyyəti dövründə həmişə tamaşaçılarının alqışlarını qazanıb.
Vurğulanıb ki, mövsümün açılışına qədər teatrın kollektivi iki festivalda iştirak edib. Bunlardan biri Şəkidəki birinci beynəlxalq teatr festivalı, digəri isə Belarusda keçirilən “Belaya veja” beynəlxalq teatr festivalıdır.
Qeyd edilib ki, bu gün həm də “Sarıköynəklə Valehin nağılı” tamaşasının ikinci premyerasıdır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa görkəmli dramaturqun anadan olmasının 100 illiyi münasibətilə hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.
Tamaşada əsas rolları xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Kərimov və başqaları ifa ediblər.
İki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdıqları çətinliklərdən bəhs edən ikihissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən mənfi hallara qarşı mübarizə aparmağa səsləyir.