QAN YADDAŞI
Gənc Tamaşaçılar Teatrında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 20 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, teatrın uşaq və gənclərlə iş üzrə pedaqoqu, Əməkdar Artist Ötkəm İskəndərov və “Aytam” Uşaq və Gənclərin Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı 27 il bundan əvvəl milli azadlığı, suverenliyi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı keçmiş sovetlər birliyinin rəhbərliyi tərəfindən xüsusi qəddarlıqla düşünülmüş terror aktından söz açıblar. Bildirilib ki, 1990-cı il yanvarın 20-də canlarından keçmiş Vətən övladları xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazıblar.
Tədbirdə yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilib.
İki gəncin nakam məhəbbətinə həsr edilmiş ikihissəli lirik dramın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın Mixail Tumanişvili adına Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa ediblər.