MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında “Sima” mükafatı sahiblərinə təqdim edilib

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, iclasda direktor, Əməkdar Artist Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlardan, təqdim olunan yeni tamaşalardan, kollektivin beynəlxalq qastrol və festivallarda iştirakından, müxtəlif ölkələrlə sənət ocağı arasında aktyor və rejissor mübadiləsindən danışıb. Vurğulayıb ki, dövlət qayğısı nəticəsində bu gün teatrın yaradıcı heyəti var qüvvəsi ilə sənətin inkişafına xidmət edir.

M.Həmidov 90-cı teatr mövsümü üçün nəzərdə tutulan yaradıcılıq planlarından, qastrol və festivallardan, hazırlanacaq tamaşalardan, yeni layihələrdən də söz açıb.

Sonra Gənc Tamaşaçılar Teatrının və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” teatr mükafatı sahiblərinə təqdim olunub. Builki mükafatlar 12 adda, o cümlədən “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “Mövsümün ən işgüzar aktyoru”, “Mövsümün seçilən aktyoru”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün fərqlənən aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən işgüzar əməkdaşı” və “Mövsümün ən yaxşı epizodik rol ifaçısı” və digər nominasiyalar üzrə müəyyənləşdirilib. Şən, musiqili, ədəbi-bədii gecə ilə davam edən mükafatlandırma mərasimində münsiflər heyətinin qərarına əsasən nominasiya üzrə qaliblərə diplomlar və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, “Sima” mükafatı teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanan ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.