MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının aktrisası diplom və medalla təltif olunub

A+ A

Bakı, 1iyul, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində iştirak edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rusiya Teatr Xadimləri İttifaqının və Rusiya Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi iyun ayının 1-dən – 30-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutub.

Belə ki, hər il dünyanın müxtəlif ölkəsindən 90-dək peşəkar gəncin qatıldığı yay məktəbində bu dəfə ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə 28 ölkədən 87 nümayəndə iştirak edib.

Layihə çərçivəsində gündəlik təcrübə ilə yanaşı, tanınmış teatr xadimlərinin ustad dərsləri təşkil olunub. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, Xalq Artisti Aleksandr Kalyaginin rəhbərliyi ilə keçirilib. Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla, ümumilikdə 5 səhnə əsəri - “Три сестры. Третье действие”, “Пушкин. Маленькие трагедии”, “Тишина”, “Canto delle ombre / Песня теней” və “Маленькие гвозди” hazırlayaraq təqdim ediblər.

Xoş təəssüratlar, bol tamaşaçı alqışı və maraqlı yaradıcılıq təklifləri alan Asya Atakişiyeva rol aldığı tamaşada uğurlu çıxışa və bir aylıq təlimlərə görə X Beynəlxalq Yay Teatr Məktəbinin diplom və sertifikatına, eləcə də gümüş döş nişanına layiq görülüb.

Qeyd edək ki, layihənin əsas məqsədi müxtəlif ölkə və kontinentlərdən olan ən yaxşı aktyorları bir yerə toplayaraq qarşılıqlı yaradıcılıq mübadilələri həyata keçirmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsinə nail olmaqla yanaşı, peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.