MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktyoru Eşqin Quliyev Moskvada keçirilmiş “Territoriya” XI Beynəlxalq Müasir İncəsənət Festivalında ölkəmizi uğurla təmsil edib.
Rusiyanın Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutan festivalın keçirilməsində məqsəd Rusiya tamaşaçısını, festivalın tələbə-iştirakçılarını, eləcə də bu ölkədə fəaliyyət göstərən teatr universitetləri məzunlarını müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, on gün davam edən festivalda dünyanın ən tanınmış teatr xadimləri ilə yanaşı, Rusiyanın nüfuzlu teatr mütəxəssisləri iştirakçılara ustad dərsləri keçiblər. Təmsilçimiz U.Şekspirin ən məşhur komediyaları əsasında hazırlanmış “Mnoqo şuma iz niçeqo” tamaşasından Benediktin səhnəsini canlandırıb. Elə bu ifaya görə də E.Quliyev festival-məktəbin xüsusi diplomuna layiq görülüb.
Qeyd edək ki, yarandığı gündən paytaxtın mədəni həyatında əhəmiyyətli yer tutan “Territoriya” festival-məktəbi Rusiya miqyasında vacib təhsil layihəsi kimi çıxış etməkdədir. Ənənəvi olaraq festivalın tədris proqramına məşhur xarici teatr tamaşalarının nümayişi, silsilə ustad dərsləri, seminarlar, aparıcı Avropa rejissor, aktyor və xoreoqrafları ilə görüşlər daxildir. Festivalda hər il Rusiyanın 50 şəhərindən 100-dək teatr sənəti üzrə təhsil alan tələbə, eləcə də mədəniyyət və incəsənət sahəsindən fəaliyyət göstərən gənc mütəxəssislər qatılır.