MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq mətbuatda
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası-ASSİTEJ dünyanın 105-dən artıq ölkəsinin teatrlarının fəaliyyətini öz aylıq bülletenində yayımlayır. Gənc Tamaşaçılar Teatrının digər ölkə teatrları ilə qarşılıqlı yaradıcılıq münasibətləri də adıçəkilən bülletendə hər ay öz əksini tapır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mart ayının aylıq elektron bülletenində teatrın fəaliyyəti haqqında məlumat yer alıb. Məlumatda teatrın iki əlamətdar bayram ərəfəsində xüsusi repertuarla çıxış edəcəyi qeyd olunub. “Uşağı teatra apar” devizi ilə baş tutacaq tamaşalar paradı martın 20-də Novruz bayramı və Dünya Uşaq və Gənclər Teatrı Günü münasibətilə nümayiş olunacaq.
Belə ki, martın 18-dən 25-dək Gənc Tamaşaçılar Teatrı repertuarında olan “Tıq-tıq xanım”, “Qoğalın nağılı”, “Uzuncorab Pippi”, “Çirkin ördək balası”, “Aycan” və “Buratinonun macəraları” tamaşalarını teatrsevərlərə təqdim edəcək.
Məlumat üçün bildirək ki, Dünya Uşaq və Gənclər Teatrı Günü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. “Uşağı teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir.