MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının kollektivi Pirallahıda tamaşaçılar qarşısında çıxış edib
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi Pirallahı Mədəniyyət Sarayında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş yazıçı S.Elsevərin “Arzu və Murad” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə çıxış edib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə Xocalı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tamaşadan əvvəl çıxış edənlər Xocalı faciəsindən, günahsız soydaşlarımızın başına gətirilən müsibətlərdən söz açıb və Xocalının işğalını bəşər tarixinin qanlı cinayətlərindən biri kimi dəyərləndiriblər.
Tezliklə ədalətin zəfər çalacağını deyən natiqlər Azərbaycanın işğal olunmuş bütün ərazilərinin qısa zamanda işğaldan azad olunacağına əminliklərini ifadə ediblər.
Sonra tamaşa təqdim olunub.
Xocalının işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyindən, qaçqınlıq şəraitində yaşayan soydaşlarımızın saf hisslərindən, psixoloji və mənəvi durumundan bəhs edən tamaşada rolları Əməkdar Artist İlham Əsədov, aktyorlar Küşvər Şərifova, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Kərəm Hadızadə, Anar Seyfullayev və Elşən Şıxəliyev canlandırıblar.
Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, rəssamı Elşən Sərxanoğludur.