MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının rəhbəri beynəlxalq tədbirə çıxış edəcək
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov dekabrın 1-dən 4-dək Rusiyada beynəlxalq yaradıcılıq seminarında iştirak edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər Rusiyanın Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Akademik Gənclər Teatrının təşkilatçılığı ilə Moskvada Rusiyanın, MDB və Baltikyanı ölkələrin gənc tamaşaçılar və gənclər teatrları rəhbərlərinin iştirakı ilə baş tutacaq.
Seminar çərçivəsində iştirakçılar qabaqcıl iş təcrübələrini bölüşəcək, bu gün dünyada fəaliyyət göstərən gənc tamaşaçılar teatrları qarşısında duran məqsəd və vəzifələr və s. məsələlərlə bağlı ustad dərsləri, eləcə də bir sıra treninqlər keçiriləcək.
Eyni zamanda, tədbir çərçivəsində Mübariz Həmidovun bir sıra ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşləri və ikitərəfli qastrol səfərlərinə dair müqavilələrin imzalaması da nəzərdə tutulub.
Beynəlxalq tədbirdə Mübariz Həmidovun “Azərbaycan teatrı müstəqillik illərində” mövzusunda çıxışı da planlaşdırılır.