MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının səhnəsində Kalmıkiya teatrının tamaşası oynanılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Kalmıkiya Respublikasının (Rusiya Federasiyası) B.Basanqov adına Milli Dram Teatrının truppası Bakıda qastrol səfərindədir.
AZƏRTAC xəbər verir ki, Kalmıkiya Dram Teatrının yaradıcı kollektivi oktyabrın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində rus ədəbiyyatının görkəmli nümayəndəsi A.S.Puşkinin “Qızıl balıq” nağılı əsasında eyniadlı tamaşa təqdim edib. Rolları Kalmikiyanın Əməkdar Artisti Sanci Pursyakov, aktyorlar Marina Kikiyeva, Baatr Sanciyev və Elza Bembeyeva ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Yelena İvanova, quruluşçu rəssamı Saqlar Çulkayevdir.
Tamaşa böyük maraqla qarşılanılıb.
Teatrın bədii rəhbəri, Rusiya Federasiyasının və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Fəxri Mədəniyyət İşçisi Boris Manciyev jurnalistlərə müsahibəsində deyib: “Biz Bakıya artıq üçüncü dəfədir gəlirik. Bakı çox qonaqpərvər və gözəl şəhərdir. Azərbaycan Gənc Tamaşaçılar Teatrının səhnəsində “Qızıl balıq” tamaşası ilə bərabər, yazıçı-dramaturq Əli Əmirlinin əsəri əsasında “Sevən qadın” tamaşasını da təqdim edəcəyik”.
Kalmıkiya teatrının Bakıya qastrol səfəri oktyabrın11-dək davam edəcək.