MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti səfərə hazırlaşır

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) yaradıcı heyəti 89-cu mövsümün növbəti xarici səfərinə hazırlaşır.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki teatr rəhbərliyi arasında imzalanmış 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsinin yekun bəndlərinə uyğun olaraq budəfəki səfər Rusiya Federasiyasının Elista şəhərinədir.

Teatr noyabrın 5-dən 11-dək B.Basanqov adına Kalmık Milli Dram Teatrının səhnəsində cari repertuarında olan iki maraqlı tamaşa ilə çıxış edəcək. Tamaşalardan biri bolqar yazıçısı P.Pançevin “Dörd əkizin nağılı”, digəri isə ötən ay Kalmık teatrının yaradıcı heyətinin ölkəmizdə qonaq olarkən təqdim etdikləri “Qohumlar” tamaşasıdır.

Ötən teatr mövsümündə Kalmık teatrının bədii rəhbəri, Rusiya Federasiyasının və Kalmık Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Manciyevin hazırladığı, B.Basanqovun “Təəccübdoğuran hadisə” əsərinin motivləri əsasında Ə.Əmirli və V.Şuqrayevanın səhnə üçün işlədikləri “Qohumlar” tamaşası bu dəfə də eksperiment şəklində təqdim olunacaq. Tamaşada əsas rolları Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, kütləvi səhnələri isə Kalmık teatrının aktyorları ifa edəcək.

ADGTT-nin direktoru Mübariz Həmidovun rəhbərlik etdiyi 30 nəfərlik nümayəndə heyətinin iştirak edəcəyi səfər həm də əlamətdar hadisəyə təsadüf edir. Belə ki, noyabrın 8-də Kalmık Milli Dram Teatrının yaranmasının 80 ili tamam olur. Buna görə də qastrol səfəri bayram, yubiley ab-havası ilə yadda qalacaq.

Yubiley çərçivəsində Rusiya teatr rəhbərlərinin Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidovla görüşü də nəzərdə tutulub. Görüşdə yeni yaradıcılıq müqavilələrinin bağlanması barədə müzakirələr aparılacaq ki, bu da yaxın gələcəkdə digər Rusiya teatrları ilə ADGTT-nin qarşılıqlı mədəni əlaqələrinin daha da inkişaf etməsinə xidmət edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.