MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi İrana qastrola hazırlaşır
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi 88-ci teatr mövsümünə yekun vurmasına baxmayaraq, teatrın bir qrup əməkdaşı İrana qastrola hazırlaşır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaradıcı heyət qastrol çərçivəsində P.Züskindin “Kontrabas” və N.Qoqolun “Dəlinin qeydləri” tamaşaları ilə çıxış edəcək. İranın Mazandaran vilayətinin Noşəhr şəhərinin Xüsusi Mədəniyyət Evinin dəvəti ilə cari ilin avqustun 4-də və 6–da sözügedən səhnə əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, Əməkdar Artist Şövqi Hüseynovun ifa etdiyi hər iki monotamaşa bir sıra beynəlxalq festivallarda uğurla iştirak edərək diplomlara layiq görülüb. Azərbaycan və İran arasında mədəni əlaqələrin genişləndirilməsi və yaradıcılıq mübadiləsi məqsədilə həyata keçirilən bu layihənin davamı cari ilin sentyabr–oktyabr aylarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutacaq.