MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının yenilikləri beynəlxalq mətbuatda

Bakı, 15 may, AZƏRTAC

Məlum olduğu kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2011-ci ildən Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in üzvüdür.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dünyanın 105-dən artıq aparıcı ölkəsinin teatrlarının üzv olduğu bu nüfuzlu qurumun hər ay elektron formatda aylıq bülleteni yayımlanır. Gənc Tamaşaçılar Teatrı və onun digər ölkə teatrları ilə qarşılıqlı yaradıcılıq münasibətləri də adıçəkilən bülletendə hər ay öz əksini tapır.

Cari ilin may-iyun ayları üçün nəzərdə tutulmuş budəfəki bülletendə teatrın beynəlxalq əlaqələrin qurulmasına göstərdiyi xüsusi diqqət əks olunub. Bundan başqa bülletendə qarşılıqlı qastrol səfərləri, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları, teatrın sözügedən oyunlara hazırlığı, göstərilən tamaşalar haqqında məlumat yer alıb.

Yazıda göstərilib ki, bu ay C.Rodarinin “Çippolino” əsəri əsasında yeni tamaşa hazırlamaq üçün Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova teatra dəvət olunacaq, may ayının son günlərində Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Moskvada keçiriləcək növbəti Beynəlxalq Rejissor Laboratoriyasında iştirak edəcək.

Bu ayın bülletenində mayın 19-dan 21-dək Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrının Bakı səfəri və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 3 gün qastrol tamaşası ilə (“Korolevskaya korova”) çıxış edəcəyi də yer alıb.

İyunun yeniliklərinə əsasən elektron dərgidə qeyd olunub ki, gələn ay teatrın yaradıcı heyəti Qazaxıstanda hər il ənənəvi keçirilən “Səhnədən salam” Beynəlxalq Teatr Festivalında İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”), Belarusda keçiriləcək XXIV Xalq yaradıcılığı “Dostluq çələngi – 2017” (“Venok Drujbı”) Beynəlxalq Teatr Festivalında P.Züskindin “Kontrabas” tamaşaları ilə çıxış edəcək, iyunun 12-dən 18-dək isə teatrın hər il ənənəvi həyata keçirdiyi Azərbaycanın bölgələrinə qastrol səfəri olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.