İDMAN
Gənc ağır atletlər üçün seminar keçirilib
Bakı, 15 fevral, AZƏRTAC
Ağır atletika üzrə yeniyetmə idmançıların biliklərinin artırılması istiqamətində “Zirvə” liseyində tədbirlər davam etdirilir.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, yığma komandanın həkimləri Fuad Qasımov və Rizvan Əkbərov Liseydə təhsil alan idmançı və şagirdlərə “İdmanda şəxsi gigiyenanın əhəmiyyəti” haqqında xüsusi dərs keçiblər. Dərsdə idmançıların şəxsi gigiyenaya diqqət yetirmələrinin vacibliyi qeyd edilib.
Həkimlər bildiriblər ki, gigiyenaya diqqət etməməklə, idmançıların şəxsi nəticələrində geriləmə baş verir. Bu da onların yarışlarda yüksək nəticə əldə etmələrinə mənfi təsir göstərir.
Liseydə təhsil alan atletlərin və onların məşqçilərinin sualları həkimlər tərəfindən ətraflı cavablandırılıb.
Ağır atletika yığmasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi humanitar və texniki fənlərlə yanaşı, həm də idman təmayüllüdür. Burada 42 idmançı təhsil alır.
Federasiya kompleksin imkanlarından yaralanaraq buranı mərkəzi bazaya çevirib. İlboyu təlim-məşq toplanışında olan idmançıların təhsil baxımından geri qalmaması üçün burada hər cür şərait yaradılıb. Əsas məqsəd liseydə təhsil alan perspektivli idmançıları fiziki, mənəvi və əqli cəhətdən hazırlamaqla milli komandanın heyətini gücləndirməkdir.
Burada yaşayan gənc idmançılar yüksək səviyyəli təhsil almaq şansı qazanırlar. Atletlərə gündəlik praktiki dərslərlə yanaşı, nəzəri dərslər də keçilir. Onlar digər fənlərlə birlikdə, həftədə bir dəfə ağır atletika nəzəriyyəsi dərslərində iştirak edirlər.
Dərsdə gənclərə idmanın bu növünün sirləri öyrədilir, onun tarixi, ən əsası isə dopinq vasitələrinin qəbulunun fəsadları haqqında ətraflı məlumat verilir.