SİYASƏT
Gənc alim, aspirant və magistrlər: Ordumuzla bərabər müqəddəs savaşda olacağımızı bəyan edirik
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti iyulun 4-də Ermənistan ordusunun bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmaları nəticəsində dinc sakinlərin öldürülməsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, iki sakinin, o cümlədən 2 yaşlı uşağın öldürülməsinin və bir nəfərin yaralanmasının dərin hiddətlə qeyd olunduğu bəyanatda bildirilib: “Təəssüflər olsun ki, bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən birinci hal olmayan və sülhə ciddi təhdid olan bu cür faktlar beynəlxalq qurumlar və dünya birliyi tərəfindən qınaqla qarşılansa da, indiyədək işğalçıya qarşı ciddi təzyiq göstərilməməsi düşmənin davamlı azğınlığını daha da şiddətləndirir. Soruşan yoxdur ki, Azərbaycan torpaqları olan Qarabağda və son insident ərazisi olaraq, Füzuli rayonunda erməni əsgərinin nə işi var? Davamlı şəkildə insanlığa qarşı hərbi cinayətlər törədən, beynəlxalq qurumların sülh çağırışlarına əhəmiyyət verməyən Ermənistan siyasi rəhbərliyinə qarşı beynəlxalq güclər tərəfindən heç bir addım atılmaması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsinin tələblərinin yerinə yetirilməməsi bir daha göstərir ki, Ermənistan nəinki regionda, eləcə də dünyada sülh üçün təhlükədir. Sonuncu hadisə Ermənistanın beynəlxalq hüquqa və humanizmə meydan oxuyan siyasi hakimiyyətinin terrorçu mahiyyətinin daha bir göstəricisidir”.
Gənc alim, aspirant və magistrlər münaqişənin nizamlanması məqsədilə sülh danışıqlarını təşkil edən ATƏT-in Minsk qrupunun hərəkətsizliyini və ikili standartlar nümayiş etdirməsini erməni tərəfinin bu cür təxribatlarının davamlı hal almasına gətirib çıxaran əsas səbəb kimi qiymətləndiriblər. “Biz dünya ictimaiyyətini, beynəlxalq qurumları Ermənistanın regionda sülhə təhdid olan davamlı hərəkətlərinə qarşı insani mövqe nümayiş etdirməyə, bu cür insidentləri törədən Ermənistanın cinayətkar siyasi rəhbərliyini lənətləməyə çağırırıq. Əks halda adekvat olaraq Azərbaycan əsgəri təmas xəttində mülki əhalini qorumaq məqsədilə işğal altındakı torpaqlarımızdakı təcavüzkar erməni silahlı qüvvələrinə qarşı layiqli cavab verəcək. Biz Azərbaycan gəncləri olaraq bəyan edirik ki, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması nəticəsində ərazilərimizin işğal altında saxlanılmasını, dinc mülki əhalimizə qarşı terror əməllərinin davam etdirilməsini işğalçı dövlətə güzəştə getməyəcəyik.
Biz Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addımlarını dəstəkləyirik və bu istiqamətdə dövlətimizin səylərinin nəticə verməyəcəyinə əminliyimizin bitdiyi məqamda Ali Baş Komandanımızın əmri ilə son qarış torpağımızın işğaldan azad edilməsi yolunda qüdrətli ordumuzla bərabər müqəddəs savaşda olacağımızı bir daha bəyan edirik”, - deyə bəyanatda qətiyyətlə ifadə edilib.