REGİONLAR
Gənc alim və mütəxəssislər Qubada soyqırımı qurbanlarını anıblar
Quba, 1 aprel, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma tədbiri keçiriblər.
AZƏRTAC xəbər verir ki, tədbirə qatılan gənc alimlər əvvəlcə Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.
Ziyarətçilərə məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb.
Sonra ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksində olublar. Məlumat verilib ki, kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Burada XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı faktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
Daha sonra Qubadakı Heydər Əliyev Mərkəzində soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov bildirib ki, Quba soyqırımı məzarlığı soydaşlarımızın başına gətirilən müsibətin aydın təzahürüdür. “Məzarlıqda gördüklərimiz bir əsrlik sirri özündə gizlədən tarixi həqiqətimizdir. Quba, eləcə də digər qəzalarda qeydə alınan hadisələr ermənilərin xalqımıza qarşı bəslədikləri tarixi nifrətdən xəbər verir. Bu həm də onu göstərir ki, ermənilərin iddiası təkcə Qarabağ torpaqlarımızın işğalı ilə bağlı deyil. Bu mənfur bir niyyətin silsilə davamıdır”.
Anma tədbirində "Azərbaycanlıların soyqırımı; səbəb və nəticələr”, “XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımı bədii ədəbiyyatda (1905-1920-ci illər)” və digər mövzularda məruzələr dinlənilib.