REGİONLAR
Gənc alim və mütəxəssislər Qubada soyqırımı qurbanlarını anıblar VİDEO
Quba, 1 aprel, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən anım tədbiri çərçivəsində Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, ziyarətçilərə Quba soyqırımı məzarlığı barədə məlumat verilib. Bildirilib ki, məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb.
Sonra ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksində olublar. Məlumat verilib ki, kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
Sonra Qubadakı Heydər Əliyev Mərkəzində soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans işə başlayıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov bildirib ki, XX əsrin əvvəllərində xalqımıza qarşı törədilən soyqırımı miqyası və coğrafiyasına görə ən dəhşətli faciələrdəndir. Quba soyqırımı məzarlığı isə soydaşlarımızın başına gətirilən müsibətin aydın təzahürüdür.
Tədbirdə çıxış edən digər natiqlər də Quba, eləcə də digər qəzalarda qeydə alınan hadisələrin ermənilərin xalqımıza qarşı bəslədikləri tarixi nifrətdən xəbər verdiyini vurğulayıblar.
Konfransda gənc alimlər çıxışlar edib, geniş müzakirələr aparıblar.