ELM VƏ TƏHSİL
Gənc alimin Rusiyada Azərbaycanın palçıq vulkanlarının elmi əhəmiyyəti ilə bağlı məruzəsi maraqla qarşılanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) gənc kadrların inkişafı istiqamətində daha bir təşəbbüs həyata keçirib.
Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin böyük elmi işçisi Tofiq Rəşidov Rusiya Elmlər Akademiyasının Sibir Bölməsində təşkil edilmiş gənc alimlərin VII elmi-praktik konfransında iştirak edib. O, V.S.Sobolev adına Geologiya və Mineralogiya İnstitutu, həmçinin A.A.Trofimuk adına Neft-Qaz Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə “Lökbatan palçıq vulkanının daxili quruluşunun telemetrik sistemin məlumatlarından istifadə edərək tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Gənc alim Azərbaycanda geniş yayılmış palçıq vulkanları haqqında, o cümlədən bu təbii abidələrin daxili strukturu, neft-qaz yataqları və zəlzələlərlə əlaqələri barədə danışıb.
Konfransda Rusiya, Azərbaycan və Vyetnamdan olan 130-dək gənc alim və mütəxəssis iştirak edib.