ELM VƏ TƏHSİL
Gənc alimlər Gəncədə bir araya gəliblər
Gəncə, 6 may, Sabir Əliyev, AZƏRTAC
Mayın 6-da Gəncədəki Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir gənclik” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə dahi rəhbərin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Mərkəzin böyük iclas salonunda keçirilən elmi-praktik konfransı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, Azərbaycan elminin inkişafında Ulu Öndərin tarixi xidmətlərindən danışıb.
AMEA-nın Gəncə bölməsinin akademik katibi, Əməkdar Elm Xadimi Fuad Əliyev “Qərb bölgəsində elm və təhsildə Heydər Əliyev ideyalarının həyata keçirilməsi”, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov “Heydər Əliyev və Azərbaycan elmi”, Gəncə şəhər şagird parlamentinin sədri Valeh Əsədov “Avropanın Gənclər Paytaxtı 2016-Gəncə”, AMEA-nın Gəncə bölməsinin gənc alim və mütəxəssislər şurasının sədri Elnur Həsənov “Gəncədə elm və təhsilin inkişafı Heydər Əliyevin ideyalarının təntənəsidir” və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Məruzə və çıxışlarda bildirilib ki, ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyası üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstək nümayiş etdirən Ulu Öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransdan sonra iştirakçılar Gəncənin maddi-mədəni abidələri, həmçinin müasir inkişafı ilə yaxından tanış olublar.