CƏMİYYƏT
Gənc analarla pediatrların görüşü təşkil olunub
Bakı, 24 iyul, AZƏRTAC
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam körpə, etibarlı gələcək üçün peyvəndlər!” layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi gənc analar arasında maarifləndirmə işləri aparmaqla körpə həyatı üçün vacib olan peyvəndlərin əhəmiyyətini diqqətə çatdırmaqdır.
Layihə çərçivəsində Ağcabədi rayonundakı İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində analarla pediatrların görüşü təşkil olunub. Görüşdə valideynlərə peyvəndlərin uşaq sağlamlığı üçün müsbət təsirləri izah olunub. Həmçinin onlara hər bir peyvənd növü haqqında geniş izahat verilib. Uşaqları peyvənddən yayındırmaqla onları risk qarşısında qoymağın qətiyyən doğru olmadığı və buna görə valideynin məsuliyyət daşıdığı qeyd edilib. Sonda valideynlərdən yazılı formada təklif və rəylər alınıb. Eyni zamanda, gənc anaların peyvəndlərlə bağlı sualları cavablandırılıb.
Layihənin davamlılığını təmin etmək məqsədilə valideynlər üçün İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində ayda 1 dəfə olmaqla konsultasiyalar təşkil olunacaq.