MƏDƏNİYYƏT
Gənc azərbaycanlı müğənni Vaqif Nağıyev dünya şöhrətli “Qolos” layihəsinin Ukrayna versiyasında iştirak edir VİDEO
Bakı, 14 aprel (AZƏRTAC). Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını ifa edən, 18 yaşlı azərbaycanlının səsinə bütün münsiflər - Sergey Lazarev, Ani Lorak, Tamara Qvartiseli və Svyatoslav Vakarçuk özünü görmədən, dinləmə zamanı səs vermişdilər.
Vaqif Nağıyev isə müsabiqədə iştirakını Tamara Qvartisellinin rəhbərliyi altında davam etdirməyə qərar vermişdi.
AZƏRTAC xəbər verir ki, müsabiqənin növbəti mərhələsində Vaqif Nağıyev Anna Sklyar ilə “Show must go on” mahnısını duet şəklində ifa etmişdir.
Sergey Lazarev bu nömrəni şounun ən güclü ifası adlandırmışdır. Ani Lorak isə-“Mən Vaqifin səsinə və xarizmasına vuruldum. O, mahnını oxumur, yaşayır –bu, əsl yaradıcılıq qələbəsidir”- demişdir. Svyatoslav Vakarçukun fikrincə, ifada dramatizm çatışmırdı. Tamara Qvartiseli qeyd etmişdir ki, uşaqlar özlərini göstərə bilmişlər. Növbəti mərhələ üçün Vaqif Nağıyev seçilmişdir.
Vaqif Nağıyev isə öz növbəsində göstərilən etimada belə münasibət bildirmişdir: “Mən çox şadam. Hamıya təşəkkür edirəm”.