MƏDƏNİYYƏT
Gənc bəstəkar Arif Səlimov “O mənəm” albomunu təqdim edib
Bakı, 23 dekabr, Aynur İsmayılova, AZƏRTAC
Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində “Qafqaz Media” İctimai Birliyinin dəstəyi ilə gənc bəstəkar Arif Səlimovun “O mənəm” adlı albomunun təqdimatı keçirilib. Albomda bəstəkarın yüzdən çox mahnısı yer alıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Qafqaz Media” İctimai Birliyin sədri Azadə Hüseynova, Əməkdar Artist Ruhəngiz Musəvi və başqaları Arif Səlimovun yaradıcılığı haqqında məlumat veriblər.
Bildirilib ki, A.Səlimovun albomda yer alan “Vətənim Azərbaycan”, “Ana”, “Dolanım başına”, “Dözüm yox”, “Gülərim”, “Arif”, “Türkoğlu”, “Sevməsəm ölərəm” və digər mahnılarını Xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Məleykə Əsədova və başqaları ifa ediblər.
Sonda bəstəkar tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.