MƏDƏNİYYƏT


Gənc bəstəkarın növbəti uğuru

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin məzunu Arzu Abbasova Azərbaycan musiqi mədəniyyətinə növbəti uğur qazandırıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, Arzu Abbasova ABŞ-ın Nyu-York şəhərində keçirilən “Muse” (Multicultural Sonic Evolution) gənc bəstəkarların IV beynəlxalq müsabiqəsinə “Qütb ulduzu” əsəri ilə qatılıb və münsiflərin birgə rəyi əsasında birinci yerə layiq görülüb. Qalib əsər noyabrın 19-da Nyu-Yorkda “Sounds of Arts” festivalında səsləndiriləcək.

Qeyd edək ki, “Qütb ulduzu” əsəri müəllif tərəfindən 2015-ci ildə bəstələnib və 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin birgə layihəsi olan “Rodniki duşi” müsabiqəsində 1-ci yeri tutaraq laureat adını qazanıb.

Gənc və istedadlı bəstəkar Arzu Abbasova son illərdə bəstəkarların müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrində Azərbaycanı uğurla təmsil edib. 2014-cü ildə Rusiya Federasiyasında keçirilən gənc bəstəkarların XII beynəlxalq müsabiqəsində “Nağıllar aləmində” əsəri, 2015-ci ilin martında ABŞ-ın Nyu-York şəhərində keçirilən “İtaka” gənc qadın bəstəkarların beynəlxalq müsabiqəsində “Dalğaların rəqsi” əsəri, 2015-ci ilin mayında Qazaxıstanda keçirilən “XXI əsrin istedadları” musiqi yarışmasında bəstəkarlıq nominasiyası üzrə “Bayram sevinci” əsəri ilə qalib olaraq laureat adına layiq görülüb. Həmin ilin iyun ayında ABŞ-da keçirilən “Samadis” bəstəkarların beynəlxalq müsabiqəsində “Mövzu və variasiyalar” əsəri xüsusi fərqlənərək, 2015-2016-cı ildə keçirilən qaliblərin konsert proqramına daxil edilib. Bəstəkar Serbiyada keçirilən və 100-dən çox iştirakçının qatıldığı “Donna ın Musica” müsabiqəsində, 19 yaşa qədər kateqoriyada müxtəlif nominasiyalar üzrə 3 əsəri ilə yarışa qatılıb və qalib olaraq, müsabiqənin ən gənc və perspektivli bəstəkarı adını qazanıb. Eyni zamanda, Bakıda keçirilən “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalının laureatı olub.

Mədəniyyət və Turizm Nazirliyi gənc bəstəkarın xüsusi istedadını nəzərə alaraq onun tərəfindən bəstələnmiş “Xoş arzular” musiqi əsərləri toplusunun uşaq musiqi və incəsənət məktəblərində tədris vəsaiti kimi çap olunmasına icazə verib.

Arzu Abbasova hazırda “ADA” Universitetinin beynəlxalq münasibətlər fakültəsinin birinci kurs tələbəsidir. Həmçinin, “ADA”da fəaliyyət göstərən musiqi cəmiyyətinin rəhbəridir. Arzu Abbasovanın bəstəkarlıq üzrə müəllimi Pikə Axundovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.