MƏDƏNİYYƏT


Gənc bəstəkarın uğurları

Bakı, 17 iyun, AZƏRTAC 

O, ilk dəfə fortepianonun dillərinə 7 yaşında toxunub. Elə ilk toxunuşda da onun dillərində musiqi pərdələrinin müxtəlif oktavalarda oxşar səslənişini "kəşf edib" və həmin pərdələri “qarışdırmamaq” üçün dillərin üstünə noxud düzüb. Getdikcə ağlı-qaralı dillərin sehri onu daha çox özünə bağlamağa başlayıb. Turalın marağını görən valideynləri onu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki məktəb-studiyaya aparıblar. Onun yaradıcılıq qabiliyyətini aşkar edənlərdən biri də ilk müəllimi İmina Əliyeva olub.

Sonralar Tural Məmmədli Musiqi Akademiyasının bəstəkarlıq sinfində təhsil alıb. Birinci kursda oxuyarkən bəstələdiyi fortepiano üçün variasiyalar müəllimi Nazim Mirişlinin diqqətini cəlb edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Zirvəyə doğru" simfonik poeması isə onun diplom işi olub və 2011-ci ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib.

AZƏRTAC xəbər verir ki, 2014-cü ildə M.Maqomayev adına Filarmoniyada keçirilən "Gəncliyin səsi" incəsənət festivalında onun həmin əsəri uğurla ifa olunub. Elə həmin il Macarıstanın Balatonfüred şəhərində gənc bəstəkarların beynəlxalq müsabiqəsində skripka və fortepiano üçün yazdığı "Tünd rənglərin parıltısı" və "Burağan" əsərlərinə görə Qran-pri mükafatına layiq görülüb.

Moskva Dövlət Dilçilik İnstitutunun teatr kafedrasının sifarişi ilə J.B.Molyerin "Tartüf" əsərinə yazdığı musiqi təhsil ocağının teatr salonunda səhnələşdirilib. Tehranın “Milad Towe” salonunda konsert verib. Keçən ilin dekabrında Sankt-Peterburqda gənc bəstəkarlar arasında keçirilən beynəlxalq müsabiqədə fortepiano üçün yazdığı "Sükutun səsi" ikihissəli pyesi birinci yerə çıxmaqla bərabər müsabiqənin ən yaxşı əsəri diplomuna layiq görülüb.

Üç ilə yaxındır ki, ABŞ-ın "Qlobal heart media" şirkəti ilə işbirliyi var və Birləşmiş Ştatlarda beş özəl televiziya efiri Tural Məmmədlinin yazdığı musiqi ilə açır. Gənc bəstəkar bu il iyunun 25-dən iyulun 10-dək Nyu-York, Texas ştatlarında tanıtım konsertlərinə dəvət edilib. İyulun 23-dən 26-dək İranda "Ərdəbil günləri" festivalında onun rəhbərlik etdiyi etno-simfonik orkestrin çıxışları olacaq. Ukraynanın qızlardan ibarət "Tonart" simli kvarteti həmyerlimizin "Ümidsiz gözləmə" əsərini öz musiqi albomlarına daxil edib. 2015-ci ildə Vyanada simli orkestr və fortepiano üçün mürəkkəb üçhissəli "Qarışıq səslərin ahəngi" pyesi ifa olunub. Onu da qeyd edək ki, həmin ilin fevralında Tural Məmmədli əldə etdiyi sənət uğurlarına görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb.

Turalın rəhbərliyi ilə etno-simfo orkestr yaradılıb və orkestr məşhur kino-film musiqilərini peşəkar səviyyədə ifa edir. Ölkəmizdə çəkilən "Samedik" uşaq komediya filminə və QİÇS əleyhinə sosial videoçarx üçün musiqilər bəstələyib. Bundan başqa gənc bəstəkar ölkəmizdə və Türkiyədə çəkilən filmlər üçün də musiqi yazmaq sifarişi alıb.

Gənc olmasına baxmayaraq, onu bir sıra müsabiqələrdə münsif kimi dəvət edirlər. Keçən il Makedoniyanın Doyran şəhərində gənc bəstəkarların beynəlxalq müsabiqəsində gənc həmkarlarının əsərlərini qiymət verib. Bu il iyulun 29-dan avqustun 6-dək Bolqarıstanın Varna şəhərində gənc bəstəkarların beynəlxalq müsabiqəsində münsiflik edəcək.

Tural Məmmədli musiqiçi ailəsində doğulub, atası Rəhman tanınmiş gitara ifaçısı, anası Roza musiqi müəllimidir. Ailə estafetini uğurla davam etdirən Tural bu ilin payızında Bakıda tanıtım konserti keçirməyə hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.