MƏDƏNİYYƏT
Gənc bəstəkarın uğuru
Bakı, 1 avqust, AZƏRTAC
Bakıdakı G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbinin bəstəkarlıq şöbəsinin 10-cu sinif şagirdi, istedadlı gənc bəstəkar Arzu Abbasova bu yaxınlarda Serbiyada bəstəkarların XII beynəlxalq müsabiqəsində böyük uğur qazanıb.
Məktəbin direktoru Yusif Vəliyev AZƏRTAC-a bildirib ki, 2000-ci ildə Brüsseldə keçirilən Avropa parlamenti tərəfindən dəstəklənən və 2003-cü ildə UNESCO-nın nəzdində yaradılan bu beynəlxalq müsabiqədə müxtəlif ölkələrin - Azərbaycan, Çin, Yaponiya, Cənubi Koreya, ABŞ, Yunanıstan, İtaliya, Norveç, Serbiya, Polşa, Litva və digər ölkələrin bəstəkarları təmsil olunublar. Yarışmaya 100-dən artıq əsər təqdim edilib.
A.Abbasova bu müsabiqədə 19 yaşadək olan kateqoriyada üç əsəri ilə müxtəlif nominasiyalar üzrə qalib gəlib. Belə ki, solo musiqi aləti üçün yazılmış əsərlər nominasiyasında “Mövzu və variasiyalar” birinci yerə layiq görülüb. İnstrumental əsərlər kateqoriyasında isə “Skripka və piano üçün fantaziya” birincilik əldə edib. Gənc bəstəkar “Cənnət lövhələri” adlı proqramlı süitasına görə laureat adına layiq görülüb və müsabiqənin “Gənc və perspektivli bəstəkarı” adını qazanıb.
Müsabiqənin şərtlərinə görə qalib əsərlər müxtəlif konsert proqramlarında səslənəcək və notları məcmuə şəklində çap olunacaq. Sevindirici haldır ki, qalib əsərlər “Ümumdünya Bəstəkarlar Assosiyası”na təqdim ediləcək. Müəllif bundan əvvəl ayrı-ayrı ölkələrdə keçirilən (Rusiya Federasiyası, ABŞ, Qazaxıstan Respublikası və s.) müsabiqələrdə laureat adını qazanaraq qalib olub.