ELM VƏ TƏHSİL
Gənc botaniklər türkiyəli həmkarları ilə birgə tədqiqatlar aparıblar
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun doktorantı Xatirə Qasımova və magistr Emin Hüsüyev Türkiyənin Ankara şəhərində elmi ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət bu elm müəssisəsi ilə Ankara Universitetinin Torpaq və Bitki Qidalanma, Tarla Bitkiləri, Geoloji Mühəndislik departamentlərinin və Ankara Kənd Təsərrüfatı Tədqiqat İnstitutunun əməkdaşlarının birgə təşkil etdikləri “Tələbə tədqiqat proqramı” üzrə həyata keçirilib.
Gənc mütəxəssislər Ankara Universitetinin laboratoriyalarında “Respublikanın yarımquraq zonasında yerləşən Kür-Araz ovalığının az məhsuldar şorlaşmış torpaqlarında ərzaq təminatının yüksəldilməsi” layihəsi çərçivəsində Kür-Araz ovalığının mərkəzi ərazisində (Kürdəmir rayonundakı Karrar dayaq məntəqəsində) keçirilən tədqiqatlar zamanı götürülmüş bitki və torpaq nümunələri üzərində yem bitkilərinin inkişafına abiotik stressin təsiri üzrə təhlillər aparıblar. Təcrübə müddətində bitki və torpaq təhlilləri üzrə yeni metodlar mənimsənilib, bəzi nümunələrin təhlilləri müştərək aparılıb.