REGİONLAR
Gənc əsgərlər Vətənə sədaqət andı içiblər
Füzuli, 24 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz sərhəd dəstəsində gənc əsgərlərin Vətənə sədaqət andı içməsinə həsr olunan mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin və əsgər valideynlərinin iştirakı ilə keçirilən mərasimin əvvəlində təntənəli marşın sədaları altında meydana hərbi hissənin döyüş bayrağı gətirilib. Dövlət himnimiz oxunub, gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Mərasimdə çıxış edənlər gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara xidmətdə uğurlar arzulayıblar. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurlardan danışan natiqlər respublikanın sərhədlərinin keşiyində duran əsgərlərə Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi qorumağı tövsiyə ediblər.
Bildirilib ki, bu gün hərbi andı qəbul edən hər bir əsgər Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına söz verərək öz üzərinə mənəvi və hüquqi məsuliyyət götürür. Artıq həmin andan etibarən hər bir əsgər Silahlı Qüvvələrin tam hüquqlu üzvü kimi əlində silah Azərbaycan Respublikasının mənafeyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasına hazır olmalıdır.
Mərasimin sonunda hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçib.