CƏMİYYƏT


Gənc əsgərlər hərbi and içiblər

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nümunəvi-göstərici hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Sonra əsgərlər hərbi and içərək, ölkəmizin mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Vətənə sədaqət andı içən əsgərləri əlamətdar gün münasibətilə təbrik edib. Bu gün Daxili Qoşunlarda hər bir əsgərin normal xidməti üçün hərtərəfli şəraitin yaradıldığını deyən general-leytenant Ş.Məmmədov bildirib ki, hərbi qulluqçularımızın sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə atılan bütün addımlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordu quruculuğuna olan diqqətin tərkib hissəsidir. Hər birimiz Vətənin etibarlı müdafiəsi, dövlət və dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın firavanlığı, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi naminə qarşımızda duran tapşırıqları vicdanla yerinə yetirməli, xidmətin düzgün təşkili və keyfiyyətli aparılması üçün əlimizdən gələni əsirgəməməliyik.

O, hər bir gəncin Vətənə sədaqətlə xidmət edəcəyinə, xidməti-döyüş tapşırıqlarının keyfiyyətlə yerinə yetirilməsində öz fədakar xidmətini əsirgəməyəcəyinə, Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə daim sadiq qalacağına, dövlətçiliyimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişaf və tərəqqisi naminə uğurlar əldə edəcəyinə əminliyini ifadə edib.

Mərasimdə çıxış edən qonaqlar, əsgər valideynləri təbriklərə qoşularaq, Daxili Qoşunlarda əsgərlər üçün yaradılmış hərtərəfli şəraitə görə dövlətimizin başçısına və Daxili İşlər Nazirliyi rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.