İDMAN
Gənc güləşçimiz Dağıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb
Bakı, 6 iyul, AZƏRTAC
Dağıstanın Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri 1 qızıl medal qazanıb.
Qızıl medalı yığmamıza 65 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc güləşçimiz Coşqun Əzimov qazandırıb. Bütün rəqiblərindən üstün olan C.Əzimov həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib və turnirin qızıl medalına sahib olub.
Ruslan Qasımov (57 kq), Ağahüseyn Mustafayev, Qalib Əliyev (hər ikisi 61 kq) və Məhəmmədhacı Muxutov (74 kq) bürünc medal görüşündə uduzaraq turniri 5-ci sırada tamamlayıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.