ELM VƏ TƏHSİL
“Gənc istedadlar” liseyində son zəng çalınıb
Bakı, 29 may, AZƏRTAC
Mayın 29–da Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində son zəng çalınıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib. Rektor hər il olduğu kimi bu il də liseyi bitirən məzunların hamısının tələbə adına layiq görüləcəyinə, xalqımızın gələcəyi naminə görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə inandığını söyləyib. Rektor liseyin səkkizillik fəaliyyəti dövründən danışıb, bu təhsil müəssisəsinin məzunlarının dünyanın nüfuzlu universitetlərində təhsil aldıqlarını vurğulayıb.
A.Məhərrəmov liseyin məzunlarına və şagirdlərinə öz tövsiyəsini verib.
Bu il liseyi 57 nəfərin bitirdiyini söyləyən “Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov onların yüksək bal toplayıb istədikləri ali məktəblərə qəbul olunacaqlarına inandığını bildirib.
Valideynlər adından çıxış edən Sənan Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbir lisey şagirdlərinin hazırladıqları proqramla davam edib.