ELM VƏ TƏHSİL
“Gənc istedadlar” liseyinə beşinci sinif üzrə qəbul imtahanı aparılıb
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə V sinif üzrə növbəti qəbul imtahanı keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, liseydə təhsil almaq üçün 578 şagird Azərbaycan, 175 şagird isə rus bölməsində test üsulu ilə imtahan verib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov, elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə imtahan prosesi ilə maraqlanıblar.
Sonra akademik A.Məhərrəmov valideynlərlə görüşüb. “Gənc istedadlar” liseyinin 2007-ci ildən fəaliyyət göstərdiyini və yeddi buraxılışı olduğunu qeyd edən rektor bu təhsil ocağının 234 məzununun hamısının respublikamızın və xarici ölkələrin ali məktəblərinə daxil olduqlarını bildirib. Diqqətə çatdırılıb ki, məzunlardan 16-sı qızıl medala, beşi Prezident təqaüdünə layiq görülüb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən, qəbul imtahanlarında liseyin məzunları həmişə yüksək göstəricilərə nail olublar.
Hazırda liseydə 580 şagird təhsil alır.