MƏDƏNİYYƏT
Gənc mədəniyyət işçilərinin ixtiyarına yeni elektron layihə təqdim olunacaq
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni internet resursu fəaliyyətə başlayıb və bu işin təşkilinə dair iclas keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması, onlar arasında sıx əlaqələrin formalaşdırılması və gündəlik peşə fəaliyyətlərində rastlaşdıqları çətinliklərin müzakirəsinə xidmət edəcək elektron resurs (http://memm-forum.az), eyni zamanda, gənclər arasında mədəniyyət təzahürlərinin və müasir mədəni proseslərin çevik müzakirəsi platforması olacaq.
Bildirilib ki, rəsmi sayt (http://memm.az) gənclərin tanıdılması və populyarlaşmasına imkan yaradacaq, onların imkanlarını genişləndirəcək, müzakirələrin geniş miqyasda aparılmasına şərait yaradacaq.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev elektron layihənin gənclərin fəallığının artmasına xidmət edəcəyini bildirib.