İQTİSADİYYAT
Gənc memarların və tələbələrin 4-cü Respublika Müsabiqəsinin qalibləri müəyyən olunub
Bakı, 28 iyul, Ramiz Quliyev, AZƏRTAC
İyulun 28-də “Qız Qalası” rəsm qalereyasında gənc memarların və tələbələrin 4-cü Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Gənc memarlar və tələbələr klubu” və Azərbaycan Respublikası Memarlar İttifaqının dəstəyi ilə keçirilən müsabiqəyə ümumilikdə 40 iş təqdim edilib.
Müsabiqənin əsas məqsədi gələcəkdə beynəlxalq müsabiqələrə iştirak üçün yeni ideyaların və istedadların müəyyən edilməsi, eləcə də memarlıqda qeyri-standart konsepsiya axtarışı, memarlığa müasir yanaşma və novator ideyalara investorların diqqətinin cəlb edilməsidir.
Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, müsabiqə artıq 4-cü dəfədir keçirilir və bu illər ərzində ölkəmizin gənc memarları və memarlıq məktəbinin məzunlarının yaradıcılıq sərgisində təqdim etdikləri layihələrin keyfiyyəti durmadan yüksəlir.
Onun sözlərinə görə, bu il də təqdim edilən işlərin içərisində çox yüksək peşəkarlıqla hazırlanmış layihələr var. Bunu müsabiqənin Münsiflər Heyəti xüsusilə qeyd edib. Münsiflər Heyətinin üzvləri - respublikanın tanınmış ustad memarları tərəfindən gərgin iş aparılıb, fikir mübadiləsi nəticəsində ən layiqli layihələr seçilib.
Qeyd olunub ki, münsiflər heyətinin qərarına əsasən, Xanım Əziz “Sumqayıt şəhərində Opera və Balet Teatrı” layihəsinə görə 1-ci, Təhminə Əzimzadə “Məhəllə” layihəsinə görə 2-ci və Fidan Əlizadə “Lənkəran şəhərində dəniz vağzalı” layihəsinə görə 3-cü yerə layiq görülüblər.
Qaliblərə Azərbaycan Memarlar İttifaqının 3 mükafatı da daxil olmaqla fəxri diplom və pul mükafatları təqdim olunub.
Bundan başqa, müsabiqədə fərqlənən digər işlərin müəllifləri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil nazirlikləri, Arxitektura və Şəhərsalma Komitəsi, həmçinin bir sıra memarlıq şirkətləri tərəfindən mükafatlandırılıblar.