REGİONLAR


Gənc müəllim ucqar kənddə işləyir və bundan qürur duyur

A+ A

Göygöl, 23 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

2016-2017-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada həyata keçirilən müsabiqədən uğurla keçən müəllimlərdən üç nəfəri Göygöl rayonuna təyinat alıb.

AZƏRTAC xəbər verir ki, həmin gənc müəllimlərdən biri müsabiqədə yüksək nəticə göstərən Zahir Abbasovdur.

Gənc müəllim artıq bir neçə gündür ki, Göygöl rayon Danayeri kənd ümumi orta məktəbində riyaziyyat müəllimi olaraq işə başlayıb. Pedaqoji fəaliyyətə yeni başlayan Zahir Abbasov Gəncə Dövlət Universitetinin riyaziyyat və informatika fakültəsini bitirib. O, Gəncədən Danayeri məktəbinə gəlmək üçün hər gün 40 kilometrə yaxın məsafə qət edir.

Zahir Abbasov işini sevdiyini, yolun uzaqlığının onun üçün problem yaratmadığını deyir: “Müəllimlik peşəsini hər zaman üstün tutmuşam. Bu peşəni seçəndə bütün çətinlikləri, problemləri, uzaq dağ kəndində çalışmağı belə göz altına almışam. Çünki mən sevdiyim işlə məşğul oluram. Şagirdlərlə ilk gün çox maraqlı keçdi. Hər kəs “yeni müəllim gəldi” deyirdi. Hamıdan yaxşı münasibət görürəm: müəllim və şagirdlər də, kənd camaatı da mənə hörmətlə yanaşır. Şəhərdə ali təhsil alıb, orada yaşamağıma baxmayaraq ucqar bir kənddə müəllimlik edir və bununla qürur duyuram”.

Dərs prosesində kurikulumdan istifadə etdiyini bildirən gənc müəllim deyir ki, bu, şagirdləri dərsə cəlb etməkdə, sevdirməkdə əvəzsiz vasitədir. Məktəbin tədris mühiti yaxşıdır. Danayeri kəndi ucqar kənddir, ancaq burada hər şey qaydasındadır. “Bütün müəllimlərə və müəllim olmaq istəyənlərə demək istəyirəm ki, peşələrini sevsinlər, işlərini sevərək görsünlər, şagirdlərə nə isə öyrətmək həvəsində olsunlar. Unutmayaq ki, cəmiyyətimizdə müəllimə qarşı çox böyük hörmət var. Bu hörməti qoruyub saxlamaq hər birimizin borcudur", - deyə həmsöhbətimiz bildirib.

İndi ölkəmizdə Zahir müəllim kimi peşəsinə bağlı gənc kadrların sayı çoxdur. Onların hər birini harada çalışmalarından asılı olmayaraq, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi, savadı və Azərbaycanın daha işıqlı gələcəyi düşündürür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.