ELM VƏ TƏHSİL
Gənc mütəxəssislər üçün yay məktəbi layihəsi başa çatıb
Bakı, 3 avqust, AZƏRTAC
Layihələrin idarə edilməsi üzrə gənc mütəxəssislər üçün yay məktəbi layihəsi avqustun 3-də başa çatıb. Qəbələ şəhərində təşkil edilən üç günlük təlimlər iştirakçıların beynəlxalq bilik və təcrübəni öyrənmələrinə şərait yaradıb. Yay məktəbi Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) təşkilatçılığı, Azərbaycan Texniki Universıtetinin dəstəyi ilə keçirilib.
AzPMA-dan AZƏRTAC-a bildiriblər ki, layihə menecerlərinin yay məktəbi Azərbaycanda artıq ikinci dəfə keçirilir. Əsas məqsəd şirkət mütəxəssislərinə innovasiyaların yaradılması, beynəlxalq metodika və bilik əsasında öz layihələrini həyata keçirmələrinə imkan verilməsidir.
Təlim zamanı iştirakçılar layihələrin idarə edilməsi üzrə əsas bilikləri mənimsəyib, bu sahə üzrə dünya təcrübəsi ilə tanış olublar. Bundan əlavə, iştirakçılar əldə etdikləri bilikləri praktik sessiyalarda (workshop) tətbiq edib, komanda halında formalaşaraq təlimçi-nəzarətçilərin rəhbərliyi altında öz layihələrini işləyib hazırlayıblar. Bununla da, onlar layihənin işlənib hazırlanması – layihənin iş strukturu, layihə məhsulu, marağı olan tərəflərin təhlili, risklər, maliyyə planı, layihənin təqdimatı və steykholderlər qarşısında müdafiəsi kimi əsas bacarıqlara yiyələniblər. Gizli səsvermə yolu ilə ən yaxşı komanda seçilib və mükafatlandırılıb.
İştirakçılar Qəbələ şəhərində həyata keçirilən yerli layihələrlə - bütün dünyada tanınan “Beltmann” piano fabriki, eləcə də “Qəbələnd” istirahət və əyləncə mərkəzi layihəsi ilə tanış olublar. Onlar layihələrin rəhbərləri ilə görüşərək təşkilatın yaradılması və müvəffəqiyyət qazanması barədə məlumat əldə ediblər.